en_US
en
off
Mobile View
Desktop View
cexiya
1531

Avropanın ən qədim, gəzməli, görməli, dincəlməli ölkələrindən biridir Çexiya. Çexiyanın rəngarəng və insanda xoş ovqat doğuran gözəl məkanlarını sevməmək mümkün deyil. Ona görə də yayda Avropanın və dünyanın hər yerindən bura yüz minlərlə turist axışır. Ölkə tarixən 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Çexiya şimalda Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya ilə həmsərhəddir. Ölkənin adı qədim çex qəbiləsinin adından götürülmüşdür. Çexiya Respublikasının əhalisinin sayı 10 509 377 nəfərdir.


Ölkənin paytaxtı 1 212 097 nəfər əhalisi olan Praqa şəhəridir.

Əhalisinin 94.2 faizi çexlərdən ibarətdir. Bundan əlavə Çexiyada slovaklar (1.9%) və almanlar (0.4%), həmçinin polşalılar da yaşayırlar. Ölkə əhalisinin böyük əksəriyyəti iri şəhərlərdə cəmləşib. Əhalinin ən sıx olduğu yerlər paytaxt Praqa, Brno və Ostravadır.

İqlimi
Çexiya qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə illik orta temperatur ildən-ilə fərqlənir. Qışda ölkədə havanın temperaturu hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000-1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur. Çexiyanın ərazisinin 30%-i meşələrdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın və palıd meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar əsasən çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Çexiyanın yeraltı təbii sərvətləri azdır. Bununla belə Çexiya Avropanın ən çox uran çıxaran ölkəsidir. Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.

İqtisadiyyat
Çexiya sənayeyə arxalanan iqtisadiyyata malikdir. Sosialist idarəetmə üsulu zamanı torpaqlar dövlətinkiləşdirilərək kollektiv əkinçiliyə keçildi. Bu, səmərəliliyi aşağı saldı və ölkə əvvəlkindən daha çox ərzaq məhsulu idxal etmək məcburiyyətində qaldı. Hazırda keçmişdə buraxılan bu səhv aradan qaldırılmaqdadır. Çexiyanın ən əhəmiyyətli əkinçilik məhsulları buğda, arpa, yulaf, çovdar, qarğıdalı, çuğundur, kartof və balqabaqdır. Ölkədə heyvandarlıq da geniş təşəkkül tapmışdır. Heyvandarlığın getdikcə inkişaf etdiyi ölkədə iribuynuzlu heyvanların sayı kiçikbuynuzlu heyvanların sayından çoxdur. Ona görə də ölkədən xaricə kənd təsərrüfatı məhsulu ixrac edilir. Çexiya yeraltı sərvətlərlə zəngin olmadığından bu sahəyə olan tələbatını idxal hesabına ödəyir. Onu da deyək ki, Çexiya dəmir kondensatının əhəmiyyətli hissəsini idxal etməsinə baxmayaraq, polad istehsalında dünyada ön yerlərdən birini tutmaqdadır. Bu müstəvidə də Şərqi Avropa ölkələrinin maşınqayırma, kimya sənayesi, silah və tekstil məhsullarına olan ehtiyaclarının böyük bir qismi Çexiya tərəfindən qarşılanır. 

Turizm mərkəzi
Çexiya — əzəmətli qala və qəsrləri, qədim körpü və dəyirmanları ilə qonaqların diqqətini hər zaman cəlb etmişdir. Çexiyada orta əsrlərə aid qotik üslubunda hazırlanmış və hələ də ilkin möhtəşəm görkəmini qoruyub saxlayan memarlıq abidələrinin, bir-birindən gözəl və rəngarəng yaşayış evlərinin sayı çoxdur və sənət əsərləri ilə tanış olan insanlar sanki keçmişə, real aləmdən uzaq bir məkana səyahət edirlər.
Bu baxımdan Çexiya Avropanın ən gözəl turist məkanlarından biridir. Son bir neçə onillikdə Çexiyada turizm daha da inkişaf etmişdir. Ölkənin paytaxtı Praqa səfalı iqliminə, dağ havasına, təbii sərvətlərinə görə diqqəti cəlb edir. Onu da deyək ki, Praqa, nəinki Çexiyanın, hətta Avropanın ən gözəl şəhərlərindən biridir. Praqa eyni zamanda Çexiyanın və Avropanın əsas turistik məkanlarından biridir. Yolunuz Çexiyadan düşsə, ölkənin paytaxtı sizə “qızıl şəhər”, “şəhərlərin anası” kimi təqdim olunacaq. Burada hər addımda rast gələcəyiniz qeyri-adi sənət əsərləri sizi heyrətləndirəcək. Məsələn, turistlər tərəfindən ən çox sevilən yerlərdən biri qədim ratuşa — şəhər idarəsi və bələdiyyə binasının üstündəki Orloy saatlarıdır. Bu saatlar səhər saat səkkizdən, axşam saat səkkizə kimi zəng çalırlar.

Praqada orta əsrlərin əvvəlindən bugünə gəlib çıxan və müxtəlif üslublarda inşa edilmiş möhtəşəm memarlıq abidələri gözəl ahəng təşkil edirlər. Bir sözlə, insanı valeh edən memarlıq abidələri, Vltava çayı üzərində gözəl bir məkanda yerləşməsi Praqaya gələn bütün turistlərdə xoş ovqat yaradır və şəhərin gözəlliyi onları məftun edir. Turistlər və qonaqlar tərəfindən çox sevilən Praqanın məşhur Karlov körpüsünün maraqlı tarixçəsi var. Əfsanəyə görə, məşhur din xadimi Karlov bu körpünün altında basdırılıb. Deyilir ki, kral Vaslavın həyat yoldaşı sevgi sirlərini bu ruhaniyə açır. Kralın adamları da bu din xadimini tutaraq ondan həmin sirləri öyrənməyə çalışırlar. Lakin o, bu sirləri krala deməkdən imtina edir və buna görə də öldürülərək olduğu yerdə dəfn edilir.

Praqanın başqa bir özəlliyi və ona böyük şöhrət gətirən əsərləri isə rəqs edən evləridir. Bu binalar elə tikilib ki, sanki evlərin iki qülləsi, həqiqətən də, rəqs edir.
Daş döşəməli küçələr, üzərindəki iri saatlarla diqqəti cəlb edən ratuşaların yerləşdiyi meydanlar, günəş şəfəqlərini üzərində əks etdirən kilsələr zaman keçdikcə daha da gözəlləşən Çexiyaya və yaşıllıqlara qərq olan paytaxt Praqaya özünəməxsus bir füsunkarlıq qazandırır.
Paytaxtda Müqəddəs Vita kilsəsi, Praqa qəsri və bir-birindən gözəl restoranlar turistlərin diqqətini xüsusilə cəlb edir. Bu şəhərdə turistlərin diqqətini ən çox cəlb edən əyləncələrdən biri də gecə yürüşləridir.

Məşhur Karlovı Varı
Karlovı Varı — Çexiya Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəridir.
2008-ci ilin məlumatlarına görə şəhərdə 53.708 nəfər əhali yaşayır. Şəhər 1370-ci ildə imperator IV Karl tərəfindən salınıb və onun adı ilə də adlandırılıb.
Ölkənin ən məşhur kurortu hesab olunan Karlovı Varı insanların həm müalicə, həm də istirahət mərkəzlərindən biri kimi tanınır. Çexiyaya səyahət edən turistlər burada ölkənin füsunkar görünüşündən və əsl istirahətdən zövq ala bilərlər.

Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi Mill Kolonadadır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir.
Karlovı Varını dünyada tanıdan ikinci önəmli fakt isə burada hər ilin iyul ayında keçirilən beynəlxalq kinofestifaldır.
Bir sözlə, Karlovı Varı gəzinti, istirahət və müalicə üçün dünyanın ən möhtəşəm və əvəzedilməz məkanlarından biridir.
Çexiyada ölkənin ikinci böyük şəhəri olan Brno da çox sayda gəzməli, görməli ünvanlara sahibdir.
Şəhər Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir.
Brnoda turistlər tərəfindən ən çox ziyarət edilən bir çox mədəniyyət və memarlıq abidələri vardır. Şəhərin mərkəzi sayılan “Stare mesto”-da qotik Pyotr və Pavel kilsəsi, müqəddəs Yakub, Tomaş və Yan kilsələri, köhnə və yeni ratuşa binaları və s. yerləşir. Bir sözlə, Çexiya Avropanın gəzməli, görməli və sevməli ecazkar ölkəsindən biridir.

enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false